Azərbaycanda yeni doğulmuş körpə oğurlanıb? - RƏSMİ AÇIQLAMA

"Sabunçu" xəstəxanası kimi tanınan 3 №-li Şəhər Klinik Xəstəxanasında yenicə ana olmuş Aytən Namazova uşağının oğurlandığını iddia edir.

Aytən Namazova bildirib ki, o, əkiz uşağa hamilə olsa da, həkimlər doğuş zamanı ona ancaq bir uşağın dünyaya gəldiyini deyiblər:

“Hamiləliyimin 6 həftəsində həkimə getmişəm, hamilə olduğumu bilmirdim. USM müayinəsində həkim əkiz uşağa hamilə olduğumu deyib. Karantin müddətində həkimə çox gedib-gələ bilməsəm də, 3 dəfə USM müayinəsində olmuşam, hər 3-də də əkiz hamiləlik göstərib. 31 iyulda doğuş sancılarım tutub, təcili tibbi yardım çağırdıq. Təcili Tibbi yardım məni “Sabunçu” xəstəxanasına apardı, məni doğuşu Xatirə adlı həkim götürdü. Doğuşdan öncə uşağın ürək döyüntülərini yoxlamaq üçün mənə aparat qoşdular, əkiz uşaqların olduğuna əmin oldular. Sancım güclənəndə məni doğuşa götürdülər, birinci uşağım dünyaya gələndə səsini eşidə bilmədim. Burnuma nəfəs aparatı qoşmuşdular, sanki çalışırdılar ki, uşağın səsini eşitməyim. Bundan sonra burnuma qoşulmuş nəfəs aparatını çıxartdılar, birinci uşağın doğulduğunu soruşdum. Mənə dedilər ki, “yox, uşaq doğulmadı, böyük bayıra çıxdın”. 5-10 dəqiqədən sonra yenidən sancılar başladı və ikinci uşaq – qızım dünyaya gəldi. Dedilər ki, “qızın oldu, təbrik edirik””.

Ötən il Azərbaycanda nə qədər adam qripdən vəfat edib?

“Mən etiraz elədim ki, axı iki uşağa hamilə idim, dedilər ki, yox, elə bir uşaq idi, o bir uşaq da burdadı. Çaşıb qaldım, ilk dəfə deyildi, ana olurdum, mən dəqiq bildim ki, uşaq dünyaya gətirmişəm. Mənə orda nəsə dərman etdilər ki, özümdə olmayım, indi təsiri keçdikcə hər şeyi daha yaxşı xatırlayıram. Doğuş stolunda olanda məndən təkidlə soruşurdular ki, evdə nəyin var, mən də evdə oğlumun olduğunu bildirdim. Onlar da bundan istifadə edib dünyaya gətirdiyim oğlanı aradan çıxartdılar, qızı mənə verdilər”, - deyə şikayətçi qeyd edib.

A.Namazovanın bildirdiyinə görə, bu barədə artıq hüquq-mühafizə orqanlarına məlumat verilib: “Polisə məlumat vermişik, ərizə yazmışıq. Uşağımı tələb edirəm, ölübsə, ölüsünü, sağdırsa, dirisini istəyirəm. Mən bu məsələnin araşdırılmasını və günahkar şəxslərin cəzalanmasını tələb edirəm. Xəstəxanaya çox gedib-gəlməyə imkanım olmayıb, bu, o demək deyil ki, mən uşağımı satıram. Belə hadisələr mənim kimi başqalarının da başına gəlməməsi üçün günahkar şəxslər həbs olunmalıdır”.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, ananın xəstəxanada dünyaya gətirdiyi uşağının oğurlanması iddiasi ilə bağlı toplanmış materiallar Sabunçu Rayon Prokurorluğuna göndəriləcək.