Müharibəsonrası mənə, sənə, bizə düşənlər: Nə etməliyik?-PSİXİATR

Psixiatr: “Yaranan enerjinin daxildə özümüzə zərər verməməsi üçün, təsirlənən hər bir kəsə, mümkün olan ən qısa vaxt ərzində kömək edilməsi lazımdır”

 

İnsanın şəxsiyyəti, xarakteri, xasiyyətinın formalaşması onun doğulub böyüdüyü ailə, mədəniyyət, coğrafiya, ətrafında baş verən hadisələrlə birbaşa bağlıdır. Fərdin formalaşdığı dövrdə bu səbəblərlə bağlı yaşanan problemlər fərdin psixologiyasına təsirsiz ötüşmür. Bu təsirlər bəzən fərdin və ya toplumun birləşməsinə, böyüməsinə, inkişafına, fərdlərin həyatı daha yaxşı anlamasına gətirib çıxarır, bəzən isə fərdin və toplumun geriləməsinə, fərddə psixoloji problemlərə, toplumda isə bölünmələrə, narazı kütlələrin artmasına səbəb olur. Yaşadığımız hadisələri bu mənada ələ aldığımızda müharibələrin psixologiyamıza təsirini daha yaxşı anlamış olarıq. 

 

Həm bizdən əvvəl vətənimizdə yaşanan müharibələr bizim genetik yaddaşımızda böyüklərimizdən bizə ötürülən xatirələrdə, həm də bizim yaşadığımız birinci Qarabağ müharibəsi bizim psixologiyamızda müəyyən izlər buraxıb. İkinci Qarabağ müharibəsinə qədər yaşadığımız və ya xatirlərlə bizə ötürülən qayğılar bəzilərimizdə çarəsizlik, tamamlanmamış yas, özünə güvənin azlığı kimi mənfi psixologiya formalaşdırıb, bəzilərimizdə isə itirilmiş torpaqların şəxsiyyətimizdə formalaşdırdığı “yarımçıqlıq” defektini bərpa etmək üçün çalışmağa, güclü, məsuliyyətli olmağa sövq edib.

 

İkinci Qarabağ müharibəsinin qısamüddətli gedişi və nəticəsi bizə göstərdi ki, travmalara məruz qalan xalqımızın böyük əksəriyyəti və eyni zamanda, dövlətimiz bu illər ərzində güclənmiş, daha məsuliyyətli olmuş, nə istədiyini daha konkretləşdirmiş hala gəlib. Təbii ki, müharibə ən son çarə olaraq ortaya çıxdı. Zəfərlə nəticələnməyi bundan sonrakı həyatımıza daha böyük uğurlar qatacaq. Çarəsizlik hissi ümid hissi ilə əvəzlənib, yasımız tamamlanaraq özümüzə güvənimizin artmasına təkan verib.

Vətən müharibəsi bütünlükdə xalqın böyük dərdinə dərman olmaqla yanaşı, bu müharibədə şəhid olan qəhrəmanlarımızın ailələri, qazilərimiz üçün travmasız da ötüşmədi. Müharibədə mənfur düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərin, tarixi-mədəni abidələrin bərpası və təbii ki, əsas diqqət mərkəzində olan müharibədən təsirlənən insanların reabilitasiyası, əvvəlki sağlamlıqlarına qayıtması dövlətin və hər bir vətandaşın prioritet fəaliyyət istiqaməti olmalıdır. Bu istiqamətdə AYNA-nın suallarını psixiatr Dr. Fuad Bəşirov cavablandırıb. 

 

- Fuad bəy, cəmiyyətdə müharibə zamanında müşahidə olunan əhval-ruhiyyə ilə müharibədən sonrakı psixoloji-emosional vəziyyət arasında hansı fərqlər olur?

 

- Sualınıza cavabı infeksiyaya yoluxan insanın həmin xəstəliklə mübarizəsi ilə müqayisəli şəkildə vemək istəyərəm. Bədənimizə hər hansı bir infeksiya düşərsə, ürək-qan damar sistemi, tənəffüs, mərkəzi sinir sistemi kimi bədənin bütün orqanları həmin infeksiyanın bədəndən dəf edilməsi üçün bir sistem halında çalışar, əgər orqanizmimiz kifayət qədər sağlamdırsa, xəstəliyə qalib gələr, xəstəlik bitdikdən sonra yenə orqanizmin bütün sistemləri birgə çalışaraq mikrobun bədənə verdiyi zərərləri ortadan qaldırmağa başlayar. Bu müharibəyə qədər olan düşmənin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı, sürgün və müharibələr tibbi dildə ifadə etsəm, “bədənimizdə təbii immunitet” yaradıb, düşmənin vətənə, vətəndaşa, dövlətə qarşı növbəti təxribatı ilə həmin immunitet sistemi işə düşüb, düşmənə qarşı birlik göstərməyə sövq edib, sağlam orqanizmin xəstəliyə qalib gəldiyi kimi düşməni məhv etməyə qadir olub. Bu, vətənimizin orqanizm kimi kifayət qədər sağlam olduğunun göstəricisidir.

 

Bundan sonra isə proseslər daxildə gedəcək. Əgər kifayət qədər sağlam duruş, düşüncə və hərəkət həyata keçirə biləcəyiksə, düşmənin vurduğu zərərləri, travmaları iz qalmadan sağalda biləcəyik. Burada da düşmənlə mübarizədə olduğu kimi hədəflərimizin konkret, görüləcək işlərin şəffaf və ədalətli olması duyğu və düşüncələrimizin dağılmamasına, ümid və güvənimizin eyni zamanda gücümüzün daha da artmasına gətirib çıxaracaq.

 

- Müharibədən sonra cəmiyyətdə psixoloji-emosional vəziyyəti nəzarətdə saxlamaq üçün hansı addımlar atılmalıdır?

 

- Müharibə zamanı düşmənə, tək bir hədəfə istiqamətlənən nifrət, qisas alma kimi psixi emosional halın yaranması və bu istiqamətdə davranış sərgiləmək, əslində hər kəsdən gözlənilən hal idi. Bu nifrət və qisas hissindən yaranan enerji müharibə zamanı qismən boşaldı. Qismən deyirəm, çünki şəhidlərimiz, qazilərimiz, dağıdılmış yaşayış yerlərimiz, ziyarətgah yerləri, qəbirstanlıqlarımız bizdə düşmənə qarşı olan hisslərimizi davam etdirməkdədir. Bu hisslərdən yaranan enerjinin daxildə özümüzə zərər verməməsi üçün təsirlənən hər bir kəsə, mümkün olan ən qısa vaxt ərzində kömək edilməsi lazımdır.

 

- Müharibənin aktiv iştirakçıları – qazilərin, əsgərlərin psixoloji reabilitasiyası hansı formada aparılmalıdır?

 

- Müharibədə sözsüz, ən çox təsirlənən insanlar şəhid yaxınları və qazilərimiz oldu. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə tezliklə şəfa verməyini diləyirəm. Onlar bizim ən dəyərli insanlarımızdır. Belə dəyərli insanlara da layiq olacaq şəkildə münasibət göstərmək, qayğılarına qalmaq lazımdır. Qazilərimizdə müharibənin verdiyi yorğunluq, emosional gərginlik travmasonrası stress pozuntusu, depressiya, təşviş pozuntusu kimi psixi xəstəliklərin yaranması ehtimalını artırıb. Yaranmış əsəb xəstəlikləri onların əvvəlki həyatlarına qayıtmağa mane olmaqda, ailə və yaxınlarında da gərginliyi artırmaqdadır. Bir çox halda əsəblə bağlı yaranmış problemlərin həllinin bilinməzliyi, xəstəliklərdən məlumatsız olma və ya bu cür xidmət almaqdan çəkinmək, yaxud da əlçatan olmaması problemləri bir az daha dərinləşdirir. Bunun üçün mütləq şəkildə hər bir şəhidin, qazinin, ƏSGƏRin ailəsi ilə bir mərkəz tərəfindən təyin olunmuş işçilər məşğul olmalıdırlar. Bu işçilər həmin ailələrin sosial və psixi vəziyyətləri haqqında gündəlik xəbərdar olmalıdırlar. Ehtiyacları qarşılanmalıdır. Müharibədən əziyyət çəkən QAZİ və ƏSGƏRlər üçün reabilitasiya mərkəzləri yaradılmalı, bütün tibbi xidmətlərlə yanaşı psixoloji, psixiatrik dəstək verilməlidir. Problemlərə vaxtında müdaxilə edilmədikdə xronikləşəcəyi ehtimalı unudulmamalıdır.

 

- Müharibə qəhrəmanlarının psixoloji reabilitasiyası zamanı ailə üzvlərinin də bu prosesə cəlb edilməsi nə dərəcədə əhəmiyyət daşıyır? Onların üzərinə düşən öhdəliklər nələrdir?

 

- Şəhid ailələrində yaranan itki ailənin hər bir üzvündə hamıdan daha çox yara açır. "Şəhidimlə qurduğum xəyalların içərisində şəhidlik yox idi". Bu, bir şəhid xanımının dediyi sözlərdir. Bu cümlədəki yaranın sağalması çox çətindir. Şəhidin adının əbədiləşdirilməsi, uğurunda canını verdiyi vətənində yaxınlarının hörmətlə qarşılanması, məişət- sosial problemləriminin qalmaması, ailə üzvlərinin dərdlərinin ən azından artmamasına səbəb olacaq. Bu, eyni zamanda hər bir QAZİ və ƏSGƏRimiz üçün də eyni şəkildə edilməlidir. Ehtiyacı olan hər bir kəsin - istər müharibə iştirakçısı olsun, istər onların ailə üzvləri - hər biri reabilitasiya mərkəzlərindən faydalanmalıdır.

 

- Bu prosesdə cəmiyyətin öhdəsinə nə düşür?

 

- Cəmiyyətin hər bir üzvü bunu düşünməlidir ki, döyüş qəhrəmanları bizim üçün savaşdı, yaralandı, həyatlarından keçərək şəhidlik zirvəsinə ucaldı. Bizim onlara can borcumuz var, bizim onlara sağlamlıq borcumuz var. Borclarını qaytarmaq bizim öhdəliyimizdədir, eyni zamanda bu öhdəliklər dövlətin və cəmiyyətin hər bir üzvünə aiddir. Vəzifələrimizi yerinə yetirəndə daha məsuliyyətli, daha diqqətli olmalıyıq. ŞƏHİD, QAZİ ailələrinin yaşayışını yaxşılaşdırmalı, onları daha güclü etməliyik.

Müəllif: Aləmdə Nəsib