“Qrip peyvəndini olmağı məsləhət bilməyənə həkim deyə bilmərəm”-Vasif Əliyev
Mütəxəssislər payızda COVİD-19 virusu ilə birlikdə digər yolxucu xəstəliklərin də artacağını proqnozlaşdırırlar. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı da payız mövsümünün gəlişi ilə xəstəliyin artacağını deyib. ÜST bu günə qədər alınan dərslərdən nəticə çıxarmağı tövsiyə edib.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda COVİD-19-la bağlı yoluxma sayı pik həddə çatdığı vaxt artıq xəstəxanalarda yerlər məhdud sayda idi, bu səbəbdən də xəstəliyi nisbətən yüngül keçirənlərin evdə müalicəsinə qərar verildi. Bu qərar cəmiyyətdə heç də birmənalı qarşılanmadı. Əksəriyyət evdə müalicənin effektli olmadığını, bəziləri isə xəstəxanalarda pasiyentlərə yetərincə diqqət göstərilmədiyini bildirdi.
Bəs, görəsən, pandemiyanın yeni dalğası olduğu zaman yoluxma sayı daha da artarsa, Azərbaycan səhiyyəsi buna hazır olacaqmı?
Bu və digər suallarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev danışıb.
-Doktor, payızda koronavirusa yoluxanların sayı artarsa, məsələn, 1000 nəfəri keçərsə, Azərbaycanda xəstəxanalar bu qədər xəstəni qəbul etməyə hazır olacaqmı?
-Əslində bununla bağlı layihə davam etdirilir. Mən deyərdim ki, modul tipli xəstəxanaların açılması ilə bizim çarpayı ehtiyacımız artıqlaması ilə ödənilib. Bilirsiniz ki, Bakı şəhərindən əlavə, bölgələrdə də modul tipli xəstəxanalar var. Deyərdim ki, çarpayı baxımından bizdə ehtiyaclar ödənilir. Eyni zamanda, həm öz mütəxəssislərimiz, həm də başqa ölkələrdən gələn həkimlər pandemiya ilə mübarizədə yaxından iştirak edirlər. Dövlətin marağındadır ki, xaricdə yaşayan və işləyən həkimlərimiz ölkəyə geri dönüb COVİD-19 xəstələrinin müalicəsində iştirak etsinlər, yəni bu istiqamətdə danışıqlar aparılır. Yalnız xəstəxanalarda deyil, həkim heyəti, tibbi personalla bağlı bütün lazımi işlər görülür. Bəli, payızda havalar soyuduğuna görə qapalı məkanlardan istifadə edən insanların sayı artır. Qapalı məkanlarda insanların təması daha çox olduğuna görə respirator infeksiyaların yayılmasına səbəb olur. Bu, COVİD-19-un daha da geniş miqyasda yayılmasına gətirib çıxara bilər. Ümumiyyətlə, COVİD-19 olmayan zamanlarda da qripin, respirator infeksiyaların yayıldığı ən çox aylar payız ayları idi. Bir haşiyəyə də çıxım, bu aylarda tövsiyə edirik ki, insanlar qripə qarşı peyvənd vurdursunlar ki, xəstəliyi keçirməsinlər. Bu yaxınlarda əlavə olaraq dövlət tərəfindən təmənnasız, ödənişsiz həyata keçirilən yeni layihəyə də start verildi. Bu həftədən etibarən Bakı, Gəncə, Sumqayıt şəhərlərində seroloji testlər tətbiq olunmağa başlayıb. Bununla da müəyyən olunacaq ki, ölkədə nə qədər insan virusa yoluxub, nə qədər insanda anti-cisimlər yaranıb. Çünki insanların bəziləri bu xəstəliyi yüngül formada, bəziləri asimtomatik formada keçirir. Əgər seroloji testin nəticəsi pozitivdirsə demək ki, o insanda bu virusa qarşı immunitet yaranıb, artıq təhlükəsiz sayıla bilər. Seroloji testlərin nəticəsi pandemiyada strategiyanın bir parçasına çevrilə bilər. Əgər ölkə əhalisinin çox hissəsi yoluxub və ona qarşı qoruyuculuq yaranıbsa, bu o deməkdir ki, artıq kollektiv bir immunitet yaranıb. Və gələcəkdə bizi o qədər də təhlükə gözləmir.
-Bəzən insanlar belə testlərin keçirilməsindən ehtiyat edirlər, onlara zərər verəcəyindən qorxurlar...
-Seroloji testin insan orqanizminə hər hansı mənfi təsiri yoxdur. Həm zərərsiz, həm də heç bir maddi xərc tələb etmədən testlər həyata keçirilir. Hər bir insan maraqlı olmalıdır ki, keçmişdə bu xəstəliyi keçirib, ya keçirməyib. Dövlət də maraqlıdır ki, onun əhalisinin nə qədər hissəsinin bu xəstəliyə qarşı qoruyuculuğu var. İnsanların ehtiyat etdiyi öz hesabına testləri vermək idi. Bu tam pulsuz həyata keçirilir, belə bir şans yaradıldığı zaman bundan niyə də istifadə edilməsin ki?! İnsanlar artıq qış aylarına hazır olmalıdırlar, çünki qrip və digər respirator infeksiyalar olacaq. Buna görə də ilk olaraq doğru qidalanmalıdırlar. COVİD-19 dönəmində çalşmaq lazımdır ki, adamların çox olduğu yerlərə getməyəsən. Maska taxsınlar, gigiyena qaydalarına əməl etsinlər. Qripin daha çox olduğu dönəmlərdə, payız-yaz aylarında qripə qarşı peyvənddən istifadə etsinlər. Bunlar da tam bir zərərsiz peyvəndlərdir.
-Bəzi həkimlər qripə qarşı peyvəndin vurulmasını məsələhət görmürlər. Bildirirlər ki, qripin müxtəlif növləri var, bir növünə aid peyvənd vurularsa, digərinə yoluxa bilərsən...
-Qrip peyvəndini olmağı məsləhət bilməyənə həkim deyə bilmərəm. Bu, ÜST-ün bütün dünyaya etdiyi bir tövsiyədir. Qrip peyvəndi hamilə qadına belə vurula bilər, o dərəcədə zərərsiz bir peyvənddir. O həkimlər ki, bunu təkzib edir, əllərində ciddi bir arqument olması lazımdır. Bu qrip peyvəndi virusun müxtəlif növlərinə qarşı təsirlidir. Qripin növləri çoxdur, bunların minimum 3-lü, 4-lü növü olanları var ki, bu peyvəndlərdən istifadə olunur. Avropa istehsalı olsa, daha yaxşı olar. Peyvəndin keyfiyyətinə isə dövlətin xüsusi qurumları nəzarət edir. Mən ümumi olaraq həkim kimi qrip peyvəndinin önəmini vurğulayıram, özəlliklə də COVİD-19 dönəmində bu, çox vacibdir.
-Vurğuladınız ki, payız-yaz aylarında vurulması məsləhətdir, hansı ayları nəzərdə tuturduz?
-Hər il oktyabr ayından başlayaraq, dekabra kimi bu xəstəliklər artır. O baxımdan oktyabr ayından vurulması məsləhətdir. Hər qrip mutasiya olduğuna görə, qrip peyvəndi hər il təkrarlanmalıdır. Peyvənd mütləq vurulmalıdır, çünki insanın virusu ağır formada keçirməsinin qarşısını alır.
-Doktor, qrip peyvəndi uşaqlara da vurula bilərmi?
-Əslində uşaqlar da daxil olmaqla bütün insanlara vurulmalıdır. Uşaqlara 6 ayına qədər vurmaq olmaz. 6 ayından 5 yaşına qədər olan uşaqlara, 50 yaşdan yuxarı olanlara və xroniki xəstəliyi olan insanlara qrip peyvəndinin vurulması daha çox məsləhət görülür. Çünki 50 yaşdan yuxarı olan şəxslər bu xəstəliyi daha ağır formada keçirirlər. Özəlliklə xroniki xəstəlikləri - qara ciyər, böyrək, metobolik xəstəliyi olanlar, ürək çatışmazlığı olanlar, ağır bədən çəkisi olan insanlara peyvənd mütləq vurulmalıdır.
-Koronavirusa qarşı peyvəndin yaxın vaxtlarda Azərbaycana gətirələcəyi bildirilir. Bəs, bu peyvəndlərin vurulması nə zamana planlaşdırılır?
-Koronavirusa qarşı peyvəndlə bağlı hələ ki, araşdırmalar aparılır. Bu peyvəndin nə zaman çıxacağına dair məlumat hələ ki, yoxdur. Düzdür peyvəndin sınaqdan keçirilməsi artıq üçüncü mərhələsindədir. Çində, Avropada, ABŞ-da bununla bağlı araşdırmalar aparılır. Kütləvi olaraq bunun istifadəsi, insanları nə zamana qədər qoruyacağı, yan təsirlərinin olub-olmayacağı, qoruyuculuq müddəti, keyfiyyəti hələ ki tam araşdırılmayıb. Bu baxımdan COVİD-19-a qarşı peyvənddən danışmaq hələ ki, tezdir. Yəni hələ ki bu peyvəndə güvənmək olmaz. Amma bu peyvənd təsdiqini tapanadək özümüzü qorumalıyıq.
-Doktor, dərs ili yaxınlaşır. Məktəblərin açılması ilə bağlı müzakirələr gedir. Payızda xəstəliklərin olacağını deyirsiniz, təhsil ocaqları açıldığı təqdirdə şagirdləri necə qoruya bilərik?
-Rəsmi qurumlar bununla bağlı araşdırma aparıb qərar verəcəklər. İstənilən halda insanların çox olduğu yerlərdə mütləqdir ki, sosial məsafə qorunsun. Sosial məsafə hər zaman önəmlidir, istər məktəb, istər alış-veriş mərkəzi, istərsə də kafe-restoranlarda. Eyni zamanda, gigiyena qaydalarına mütləq əməl olunmalıdır, əllərin yuyulması, maska taxılması artıq gündəlik vərdişimizə çevrilməlidir. Əgər insanlarla təmas etməyə məcburuqsa, o zaman özümüzü qorumalıyıq.