Vaksinasiya strategiyası təsdiqlənib

Baş nazir Əli Əsədov koronavirus xəstəliyi əleyhinə vaksinasiya strategiyasını təsdiqləyib. 2021-2022-ci illəri əhatə edən strategiyaya görə, ilk mərhələdə səhiyyə işçiləri; 65 yaşdan yuxarı şəxslər; hüquq mühafizə orqanlarının əks-epidemik tədbirlərə cəlb etdiyi heyət peyvənd olunmalıdır.

İkinci mərhələyə bu qruplar daxil edilib: tibbi yüksək riskli olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar); 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər; təhsil sahəsində və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, “ASAN xidmət” və “DOST” mərkəzlərinin, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsinin birbaşa əhali ilə təmasda olan işçiləri və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi; yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, bu il yanvarın 17-dək 2998 xəstə vəfat edib.